Nəsimi rayonunda döyüş tətbiqinə yararlı əl qumbarası aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonunun Cavadxan küçəsi 14 ünvanında hərbi sursatın aşkarlanması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkarlanmış sursatın döyüş tətbiqinə yararlı bir ədəd F1 əl qumbarası və onun UZRQM-2 tipli partladıcısı olduğu müəyyənləşdirilib.

Sursat Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.