Prezident İlham Əliyev: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iqtisadi sahədə ölkəmiz üçün prioritet istiqamətləri açıqlayıb.
Bir neçə prioritet sahəni qeyd edən dövlətimizin başçısı bildirib: “İlk növbədə, bərpaolunan enerjidir. Bizim çox böyük potensialımız var. Günəş və külək stansiyalarının yaradılması üçün potensial var. Bizim məqsədimiz təbii qazdan istifadəni mümkün qədər azaltmaq, bu ehtiyatları ixrac üçün istifadə etməkdir. Növbəti 5 ildə bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq”.
Qeyd edək ki, Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. Forum İqtisadiyyat Nazirliyi və Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı, Avropa Evinin (Ambrosetti) strateji tərəfdaşlığı ilə baş tutur.
Tədbir çərçivəsində təşkil olunan plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar kimi strateji mövzular müzakirə olunur.

