Arzu Babayeva: Lökbatan palçıq vulkanının püskürməsinin səbəb və nəticələri öyrənilir

Bu gün səhər saatlarında paytaxtın Qaradağ rayonu ərazisində - Lökbatanda püskürən palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmənin səbəb və nəticələri öyrənilir, müvafiq monitorinqlər həyata keçirilir.

Qeyd edək ki, Lökbatan palçıq vulkanı Bakıdan 15 kilometr cənub-qərb istiqamətində Xəzər dənizi sahilində eyniadlı neft-mədən sahəsində yerləşir. Lökbatan palçıq vulkanı dünyada beş ən aktiv palçıq vulkanından biridir. 1810-cu ildən bu günədək vulkan 25 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 2017-ci ildə qeydə alınıb.