Fövqəladə Hallar Nazirliyi maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi (SİTGDMNDA) sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-in mətbuat xidmətindən  bildiriblər ki, bu çərçivədə, Agentliyin müfəttişləri Şəmkir rayonunun “Ağ dağlar” deyilən ərazisində yol kənarında yerləşən fərdi sahibkar Əliyev Yalçın Nəriman oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparıb. Yoxlama zamanı maye və qazdoldurma məntəqəsində insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb. Məntəqədə istismar olunan tutumların müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət ölçü cihazların və qoruyucu qurğuların yoxlanılmadığı müəyyənləşdirilib. Nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı nəzərə alınaraq maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.

Qeyd olunanlarla əlaqədar Agentliyin müfəttişləri tərəfindən maye qazdoldurma məntəqəsinin rəhbərliyi və işçiləri ilə profilaktik söhbət aparılıb, aşkarlanmış texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.

Tərtib olunmuş akt pozuntuların aradan qaldırılması üçün sahibkara təqdim edilib.