Lənkəranda orta əsrlərə aid yeni arxeoloji abidələr aşkar olunub

Lənkəran rayonun Velədi kəndi ərazisində aparılan tikinti işləri zamanı maddi mədəniyyət nümunələrinin aşkarlanması ilə əlaqədar olaraq Lənkəran Regional Elmi Mərkəzinə müraciət olunub. Mərkəzin Folklor, etnoqrafiya və arxeologiya şöbəsinin aparıcı elmi işçiləri arxeoloq Samir Kərimov və tarix üzrə fəlsəfə doktoru Mais Cəfərov tərəfindən əraziyə baxış keçirilib.

Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, Velədi kəndinin ərazisində Lənkərançayın sağ sahilində Velədi və Gərmətük kəndlərinin arasında yerləşən yeni məhəllədə hasar tikintisi ilə əlaqədar qazılan xəndəkdə 40 santimetr dərinlikdən orta əsrlərə aid şirsiz və şirli saxsı məmulatları aşkarlanıb. Ərazidən aşkarlanan saxsı məmulatları burada mədəni təbəqənin qalınlığı 1metrdən çox, təqribən 2 hektar sahəyə malik və IX-XI əsrlərə aid yaşayış yerinin mövcudluğunu deməyə əsas verir. Abidə üzərində Velədi kəndinin yeni məhəlləsi salındığından mədəni təbəqə ciddi dağıntılara məruz qalıb və onun mikroreylefi pozulub. Həmin ərazidən təqribən 1 kilometr şərqdə isə həyətlərin birində quyu qazılarkən təqribən 3-4 metr dərinlikdən erkən orta əsrlərə aid buxurdan və saxsı qazan tapılıb.

Qeyd edək ki, hələ bir neçə il əvvəl də oxşar tapıntılar Velədi kəndində həyətyanı sahədə quyu qazılarkən aşkar edilib. Bütün bunlar Lənkərançayın sağ sahilində orta əsrlərə aid zəngin arxeoloji abidələrin olması ehtimalını yaradır. Alimlərin fikrincə abidələrdə mədəni təbəqənin xarakterini dəqiq müəyyən etmək üçün gələcəkdə arxeoloji qazıntıların aparılması zəruridir.