Azərbaycan hərbi dənizçiləri voleybol yarışının qalibi olublar

"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində ölkəmizdə keçirilən “Dəniz kuboku” müsabiqəsində iştirak edən ölkələrin komandaları voleybol üzrə yoldaşlıq görüşlərində güclərini sınayıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə ümummilli lider Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra hakimlər komissiyasının üzvlərinin və komandaların kapitanlarının iştirakı ilə püşkatma keçirilib.

İlk görüş İran və Qazaxıstan hərbi dənizçiləri arasında baş tutub və İran komandası qələbə qazanıb.

Sonrakı qarşılaşma Azərbaycan və Rusiya hərbi dənizçiləri arasında keçirilib. Azərbaycan komandası rəqibinə qalib gələrək adını final mərhələsinə yazdırıb.

Üçüncü yer uğrunda keçirilən görüşdə Qazaxıstan hərbi dənizçiləri Rusiya komandasından üstün olublar.

Gərgin final oyununda isə Azərbaycan dənizçiləri İran komandasına qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Sonda komandalara kubok, medal və fəxri fərmanlar təqdim olunub.