Sosial Tədqiqatlar Mərkəzi qanunsuz erməni silahlılarına qarşı aparılan əməliyyatlarla bağlı sorğunun nəticələrini açıqlayıb

Sosial Tədqiqatlar Mərkəzi hərbi əməliyyatlarla bağlı sorğunun nəticələrini təqdim edib.

Mərkəzdən bildiriblər ki, Azərbaycanın 2022-ci ilin avqust ayında öz ərazisində qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatlar, onun hərbi-siyasi mahiyyəti və bu barədə məlumatlılıq səviyyəsinə dair ictimai rəy sorğusu keçirib.

Sorğu Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan rayonlarında keçirilib, bu regionlarda yaşayan 384 respondentin rəyi öyrənilib. Respondentlərin sayına əsasən, nəticələrin xəta əmsalı 95 faiz əminlik intervalında 5 faiz təşkil edib.

Yekun nəticələrə əsasən, respondentlərin mütləq əksəriyyəti Azərbaycanın öz ərazisində qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatlar barədə məlumatlıdır. Respondentlərin 64,6 faizi bu barədə məlumatı televiziyadan əldə etdiyini bildirib. Müvafiq istiqamətdə məlumat mənbələri sırasında 43,5 faiz göstərici ilə sosial şəbəkələr ikinci pillədə yer alıb. Təqribən 27,9 faiz bu barədə məlumatı internet saytlarından əldə etdiyini bildirib.

Respondentlərin 9,9 faizi hərbi əməliyyatlar barədə məlumatı ətrafdakı insanlardan alıb. Radiodan məlumat əldə edənlərin göstəricisi isə 7 faiz təşkil edib. Bu barədə məlumat əldə etmədiyini bildirənlər 2,1 faiz təşkil edib.

Azərbaycanın Qarabağda qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatların hərbi-siyasi mahiyyətinin qiymətləndirilməsi çərçivəsində respondentlərin mövqeyi öyrənilib. Bu istiqamətdə sorğu nəticələrinin deskriptiv təhlilinə əsasən, respondentlərin təqribən yarısı (49,2 faiz) hesab edir ki, aparılan hərbi əməliyyatlar erməni terrorçularının Qarabağdan çıxarılmasının əsas təminatıdır.

Sorğuda iştirak edənlərin 17,2 faizi hərbi əməliyyatları Azərbaycan ərazisində yalnız bir milli ordunun varlığının göstəricisi kimi xarakterizə edib. Azərbaycanın hərbi əməliyyatlarla Ermənistanı sülhə məcbur etdiyini düşünənlərin göstəricisi 13,3 faiz təşkil edib.

Təxminən eyni sayda respondentin mövqeyində hərbi əməliyyatlar Qarabağda ermənilərin yeni təmas xətti çəkmək cəhdlərinə qarşı (9,1 faiz) və yeni müharibə ehtimalı (9,6 faiz) olaraq dəyərləndirilib.

Qarabağda aparılan hərbi əməliyyatların hərbi-siyasi mahiyyətini digər məqamlarla əlaqələndirənlər 22,4 faiz təşkil edib, 15,9 faizi isə bu suala mövqeyini ifadə etməkdə çətinlik çəkib.

Keçirilən rəy sorğusunun nəticələrinə əsasən, sorğu iştirakçıları Ermənistanın 10 noyabr tarixli Birgə Bəyanatın şərtlərinə əməl etməməsi halında, Azərbaycanın hərbi əməliyyatları bundan sonra da davam etdirməsini dəstəklədiklərini ifadə ediblər. Belə ki, rəyi öyrənilənlərin mütləq əksəriyyəti - 80,5 faizi Azərbaycanın hərbi əməliyyatları bundan sonra da davam etdirməli olduğunu düşünür. Hərbi əməliyyatları erməni terrorçularının Qarabağdan çıxarılmasının əsas təminatı olaraq görənlərin 84,1 faizi bu əməliyyatların davam etdirilməsini dəstəkləyib.

Nəticələrin gender aspektindən statistik təhlili bizə onu deməyə əsas verir ki, kişilər qadınlarla müqayisədə Azərbaycanın öz ərazisində qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatları davam etdirməsini daha çox istəyirlər.

Əks mövqedə qərarlaşan (6,8 faiz), eləcə də bu suala cavab verməkdə çətinlik çəkən (12,8 faiz) respondentlər mövqeyini əsasən itkilərin olmasını istəmədikləri ilə əlaqələndiriblər.