Əlcəzair və İsrailin bəzi ərazilərindən heyvandarlıq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Əlcəzair Xalq Demokratik Respublikasının Msila əyalətində və İsrail Dövlətinin Cənub dairəsində xırdabuynuzlu heyvanların taun, Əlcəzair Xalq Demokratik Respublikasının Suk-Əhras və El-Bayad əyalətlərində isə dabaq xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə həmin inzibati ərazi vahidlərindən diri xırdabuynuzlu heyvanların, onlara aid ət-sümük unu, süd və süd məhsulları, trofeylər, dəri, yun, tük, genetik materialların, həmçinin diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Əlcəzair və İsraildən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.