Dünya çempionatlarında çıxış edəcək Azərbaycanın çimərlik güləşçiləri müəyyənləşib

Bu həftə Rumıniyanın Konstantsa şəhərində çimərlik güləşi üzrə ilin ən önəmli yarışları keçiriləcək.

Yerveinsan.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün U-17, növbəti gün isə U-20 dünya çempionatı baş tutacaq.

Baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 8 idmançı mundialda Azərbaycanı təmsil edəcək. Yeniyetmələrin yarışında Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərli (80 kq), gənclərin mübarizəsində isə Rübail İbrahimli (70 kq), Fərid Yusifov (80 kq), Fərid Cabbarov (90 kq) və Zəfər Əliyev (+90 kq) uğur qazanmağa çalışacaqlar.

Sentyabrın 3-4-də isə Dünya Seriyasının final mərhələsi keçiriləcək. Çimərlik güləşində böyüklər arasında dünya çempionları müəyyənləşəcək. Həlledici yarışda Ramiz Həsənov (70 kq), Omid Kamaliaqdam (80 kq) və İbrahim Yusubov (90 kq) çıxış edəcəklər.

Qeyd edək ki, bu yarışlarda I-S kateqoriyalı Sədi Quliyev hakimlik edəcək.