Opera və Balet Teatrı mövsümü “Leyli və Məcnun” operası ilə açacaq

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni 114-cu teatr mövsümünü sentyabrın 18-də Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilə açacaq.

Teatrdan  bildirilib ki, səhnə əsərində Məcnun rolunu Xalq artisti Mənsum İbrahimov, Leyli obrazını isə gənc solist, Əməkdar artist Arzu Əliyeva ifa edəcək. Digər rolları Əməkdar artistlər Cahangir Qurbanov, Təyyar Bayramov və başqaları canlandıracaq.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Səhnə əsərini dirijor Sevil Hacıyeva idarə edəcək.

Qeyd edək ki, müsəlman Şərqində ilk opera sayılan “Leyli və Məcnun” dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən 1908-ci ildə qələmə alınıb. Opera elə həmin il yanvarın 12-də ilk dəfə səhnəyə qoyulub. Ölməz bəstəkarın bu əsəri 114 ildir ki, Opera və Balet Teatrının repertuarındadır.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.