Üç güləşçimiz dünya çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Çempionatın ikinci günündə - sentyabrın 11-də yunan-Roma güləşi üzrə millimizin 4 üzvü mübarizəyə qoşulub.

Güləşçimiz Taleh Məmmədov (63 kq) səkkizdəbir finalda latviyalı Aleksandr Yurkyans üzərində əzmkar qələbə qazanıb - 7:3. Təcrübəli güləşçimiz dörddəbir finalda son Olimpiya çempionu, kubalı Luis Alberto Sançesə qalib gəlib - 3:1. T.Məmmədov yarımfinalda serbiyalı Sebastyan Nadla qarşılaşacaq.

Həsrət Cəfərov ilk mərhələni güləşmədən adlayıb. Meksikalı Dieqo Martines yarışöncəsi zədələndiyi üçün həmyerlimiz birbaşa səkkizdəbir finala yüksəlib. H.Cəfərov bu mərhələdə yaponiyalı Katsuaki Endoya heç bir şans tanımayıb - 9:0. Gənc güləşçimiz dörddəbir finalda çinli Husiyetu Husiyetudan güclü olub - 7:0. Təmsilçimiz finalın bir addımlığında serbiyalı Mate Nemeslə üz-üzə gələcək.

Rafiq Hüseynov (82 kq) səkkizdəbir finalda yaponiyalı Yuya Okajima üzərində 7:1 hesablı qələbə qazanıb. Ancaq dünya və Avropa çempionumuz növbəti mərhələdə özbəkistanlı Jalqasbay Berdimuratova məğlub olub - 0:11.

Millimizin üzvü Arif Niftullayev (97 kq) debütdə son Avropa çempionatının bürünc medalçısı Daniel Qastla (Avstriya) 3:2 hesabı ilə qalib gəlib. A.Niftullayev səkkizdəbir finalda litvalı Vilius Laurjnaytisi vaxtından əvvəl məğlub edib - 8:0. Güləşçimiz daha sonra macarıstanlı Aleks Sokeyə tam üstünlüklə (10:2) qalib gələrək adını yarımfinala yazdırıb. Həmyerlimiz finalın bir addımlığında bolqarıstanlı Kiril Milovla qarşılaşacaq.