Rezidenturaya əlavə yerləşdirmə zamanı qəbul olanların qeydiyyatına başlanılır

Bu gün saat 12:00-da ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya boş qalan plan yerlərinə əlavə yerləşdirmə zamanı qəbul olanların qeydiyyat prosesinə start veriləcək.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbul olan namizədlər https://portal.edu.az/ sistemindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrində təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Qeydiyyat prosesi sentyabrın 26-sı saat 23:59-da yekunlaşacaq.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.