Fövqəladə Hallar Nazirliyi qanunsuz tikintinin qarşısını alıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

Nazirliyin mətbuat xidmətindən  bildiriblər ki, Bakı şəhərinin Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Ordubadi küçəsində müvafiq icazəverici sənədlər olmadan 1000 kvadratmetrə yaxın sahədə qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkarlanıb.

Göstərilən məsələ ilə əlaqədar FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən görülmüş müvafiq tədbirlərlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə tikilməkdə olan qanunsuz obyekt sökülüb.