Yaxın zamanda Media Reyestrinə müraciətlərin qəbuluna başlanılacaq" - Səidə Şəfiyeva

"Media Reyestrinin formalaşdırılması Azərbaycan mediasına sistemli yanaşmanın tətbiqini nəzərdə tutur. Düşünürük ki, məhz ipoteka güzəştlərindən yararlanmaq, digər mövcud və ya gələcəkdə tətbiq olunacaq sosialyönümlü, iqtisadiyönümlü imtiyazlardan istifadə etmək üçün belə sistemin olması məqsədəmüvafiqdir".

Yerveinsan.az xəbər verir ki, bu fikirləri mətbuat.az-a açıqlamasında Medianın İnkişafı Agentliyinin (MEDİA) Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva deyib. O, bir sıra məqamlara aydınlıq gətirib.

MEDİA rəsmisi bildirib ki, layihələr təsdiqləndikdən və Reyestrin proqram təminatının hazırlanması üzrə işlər yekunlaşdıqdan sonra müraciətlərin qəbulu başlayacaq:

"Bildiyiniz kimi, Nazirlər Kabinetinin 2022-ci il 24 fevral tarixində imzaladığı sərəncama əsasən Medianın İnkişafı Agentliyi tərəfindən jurnalist vəsiqəsi və Media Reyestri Şəhadətnaməsinin formasına dair layihələr hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim edilmişdir. Layihələr təsdiqləndikdən və Reyestrin proqram təminatının hazırlanması üzrə işlər yekunlaşdıqdan sonra, düşünürük ki, yaxın zamanlarda Media Reyestrinə müraciətlərin qəbuluna başlamaq mümkün olacaqdır".

Yeni qaydalara görə, ali təhsili olmayan şəxslərin jurnalist fəaliyyəti məhdudlaşdırıla bilməz. Səidə Şəfiyeva bildirdi ki, Reyestr üçün ali təhsil mütləqdir deyəndə sırf jurnalistika təhsili nəzərdə tutulmur. Digər ixtisasları bitirənlər də Reyestrə müraciət edə bilərlər:

"Media Reyestrinə daxil olmaq üçün qanunvericilikdə bir sıra tələblər mövcuddur. Dövlət tərəfindən həmin jurnalistlərə müəyyən imtiyazların verilməsi, xüsusilə onların peşə və ixtisaslarının artırılması ilə bağlı işlərin görülməsi və jurnalistlərin bunlardan ödənişsiz əsaslarla istifadə etməsi nəzərdə tutulur. Bu baxımdan Media Reyestrinə daxil olmaq qeyd edilən tədbirlərin icrası üçün hüquqi əsas olacaqdır. Belə olan təqdirdə Reyestrə daxil olmaq üçün də müəyyən tələblərin qoyulması təbiidir. Qeyd edim ki, bu, jurnalistika ilə məşğul olmaq üçün tələb deyil, Reyestrə daxil edilmək üçün qoyulan tələbdir. Yəni ali təhsili olmadan da jurnalistika fəaliyyəti ilə məşğul olsalar, jurnalist sayılacaqlar, istər əmək müqaviləsi ilə, istərsə də fərdi qaydada istənilən redaksiyada çalışa biləcəklər. Bununla bağlı heç bir məhdudiyyət yoxdur. Sadəcə olaraq Reyestrə daxil olmaq üçün ali təhsil tələb olunur ki, burada da məhz jurnalistika təhsili nəzərdə tutulmur, digər ixtisasları bitirən şəxslər də jurnalistika fəaliyyəti ilə məşğuldursa, qanundan irəli gələn tələblərə cavab verirlərsə, Reyestrə müraciət edə bilərlər".

Bu peşədə uzunmüddət çalışan çox adam var ki, onun əmək müqaviləsi yoxdur. Yəni, 10 il çalışıb amma son 2 ildə əmək müqaviləsi əsasında fəaliyyət göstərib. MEDİA rəsmisi bu məsələyə də aydınlıq gətirərək qeyd etdi ki, qanunda qoyulan tələblə jurnalistikada çalışanların əmək münasibətləri də tənzimlənəcək:

"Bildiyiniz kimi, indiyə qədər əmək müqaviləsi olmadan fəaliyyət göstərən jurnalistlərimizin də hüquq və statusları “Media haqqında” Qanunda öz əksini tapmışdır. Hazırki normativ hüquqi bazaya əsasən, biz deyə bilərik ki, fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə də fəaliyyət göstərən jurnalistlərin hüquqlarının müdafiəsi tam təmin edilir. Sadəcə Media Reyestrinə daxil olmaq üçün tələblərdən biri də jurnalistin 3 il staja malik olmasıdır və düşünürük ki, bu hal gələcəkdə jurnalistika sahəsində çalışanların əmək münasibətlərinin tənzimlənməsinə öz müsbət təsirini göstərəcəkdir. Biz inanırıq ki, təkcə Media Reyestrinin aparılmasında deyil, ümumilikdə “Media haqqında” Qanunun icrasında da media nümayəndələrimizlə əməkdaşlığımız ən yüksək səviyyədə olacaqdır".