Elm Tarixi İnstitutunun şöbə müdiri Elvin Talışınski “Bakinskiy Raboçi” qəzetinə müsahibə verib

AMEA-nın Elm Tarixi İnstitutunun Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski “Bakinskiy Raboçi” qəzetinə “Elmşünaslıq fənlərarası tədqiqat sahəsi kimi” mövzusunda müsahibə verib.

Müsahibədə elmlə cəmiyyət arasındakı qarşılıqlı əlaqə, müasir dövrdə xüsusi tədqiqat sahəsi kimi elmşünaslığın inkişafını aktuallaşdıran bir sıra məsələlər, elmşünaslığın strukturu və gələcək inkişaf perspektivlərindən bəhs olunub.

Elmşünaslığın bu gün də tədqiqat tələb edən mühüm bilik sahəsi olduğunu qeyd edən alim elmi optimal şəkildə təşkil etmək və onun prioritet istiqamətlərini müəyyən etmək üçün elmşünaslığın müstəqil tədqiqat sahəsi kimi daha da inkişaf etməli olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycanda elmin öyrənilməsi, elmşünaslıq sahəsindəki tədqiqatlara 1920-ci illərdən başlanılıb və bu gün ölkədə elmin, elm tarixinin, elmşünaslığın, elmin sosial problemlərinin araşdırılması üzrə aparıcı rol spesifik profil olaraq Elm Tarixi İnstitutuna aiddir.

E.Talışınski müsahibədə rəhbərlik etdiyi Elmşünaslıq və elmin sosial problemləri şöbəsində hazırda elmşünaslığın tarixi, elm və texnikanın öyrənilməsində sosioloji, fəlsəfi, statistik araşdırma metodları, Azərbaycanda elmi kadrların dinamikası, elmi miqrasiya, elmi potensialın və elmi fəaliyyətin qiymətləndirilməsi, elmmetriya, elmin iqtisadiyyatı, psixologiyası, kulturologiyası, elm siyasəti, elm və texnikanın inkişafının planlaşdırılması və proqnozlaşdırılması istiqamətlərində mühüm tədqiqatların aparıldığını vurğulayıb.