Alim Nəbiyevlə müqavilə uzadıldı

“Qəbələ” İdman Klubu və kikboksçu Alim Nəbiyev arasında müqavilə uzadılıb. 28 yaşlı idmançı ilə yeni anlaşma bir ili əhatə edir.

İmzalanma mərasimindən sonra klubumuzun prezidenti Fariz Nəcəfov kikboksçu ilə görüşüb. Tədbirdə Alimin son döyüşü barədə fikir mübadiləsi aparılıb. Klub prezidenti Bakıda təşkil olunan Zabit Səmədovun vida döyüş gecəsində rumıniyalı Andrey Ostrovyanuya qalib gələn idmançını qələbə münasibətilə təbrik edib.

Klub prezidentinə Nəbiyevin növbəti sınağı barədə məlumat verilib. Nəcəfov noyabrın 19-da “Qlory82” çərçivəsində baş tutacaq qarşılaşmada idmançıya uğurlar arzulayıb. Titul döyüşündə Endi Semeleyerlə üz-üzə gələcək kikboksçu göstərilən dəstək üçün  “Qəbələ” İdman Klubuna təşəkkür edib, bundan sonra da bütün döyüşlərə qələbə və Azərbaycan bayrağını zirvələrdə dalğalandırmaq üçün çıxacağını bildirib.