Geologiya və Geofizika İnstitutunun Elmi şurasında bir sıra məsələlər müzakirə olunub (FOTO)

Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi şurasının növbəti iclası keçirilib.

AMEA-dan bildirilib ki, iclası giriş sözü ilə açan müəssisənin baş direktoru akademik Akif Əlizadə doktorantura və dissertanturaya qəbul olmaq istəyənlərin ixtisaslara uyğun olub-olmadıqlarını müəyyən etmək üçün İxtisas komissiyasının yaradılmasının və işçilərin öz hesabına qısamüddətli məzuniyyətə getməsi qaydasında dəyişikliklər edilməsinin zəruri olduğunu bildirib. AMEA-nın müxbir üzvü Tələt Kəngərli isə UNESCO-nun Dünya İrsi çərçivəsində Azərbaycanda geoparkların yaradılması ilə bağlı görülən işlər haqqında məlumat verib. Alim nadir geoloji obyektlərlə zəngin Naxçıvan Muxtar Respublikasında dörd istiqamət üzrə geopark yaradılmasını xatırladıb. Parkın sosial, elmi, turistik və siyasi əhəmiyyətini vurğulayan T.Kəngərli qeyd edib ki, GGİ-nin təşəbbüsü ilə 2019-cu ildən etibarən bu istiqamətdə aparılan işlər tamamlanmaq üzrədir.

Yer elmləri doktoru Qulam Babayev isə Milli Məlumat Mərkəzində (CTBTO) yerinə yetirilən işlərin gedişatı haqqında danışıb. Bildirib ki, əsas məqsədi seysmik məlumatların toplanması və sistemləşdirilməsi olan CTBTO nüvə partlayışlarını da nəzarətdə saxlayır. Əldə olunan informasiyaların lazımi təşkilatlar üçün əlçatan olması ilə bağlı işlər də nəzərdə tutulur. Belə ki, Vyana şəhərində hər iki ildə bir dəfə əsas hədəfi informasiya olan konfrans keçirilir.

İclasda akademik Akif Əlizadə Geologiya və Geofizika İnstitutunun Elmi şurasının tərkibinin qismən dəyişdirilməsi barədə məlumat verib. O, Filiz-maqmatik sistemləri və minerageniya şöbəsinin rəhbəri Rauf Kərimovun və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru Tofiq Əhmədovun Elmi şura üzvlərinin siyahısına əlavə edilməsi təklifini irəli sürüb. Şura üzvləri təklifi yekdilliklə qəbul ediblər.

Tədbirdə yer elmləri üzrə fəlsəfə doktoru Səadət Ələkbərova institutun magistraturasına 2022/2023-cü tədris ili üzrə qəbulun, eləcə də II tədris ili magistrantlarının attestasiyasının yekunlarından danışıb. Doktorantura və dissertantura üzrə kadr hazırlığı barədə məlumatı isə iclas iştirakçılarına baş mütəxəssis Larisa Biryukova çatdırıb.

Daha sonra müəssisənin Geoloji fondunun rəhbəri Ziyafət Abadzadə Geologiya və Geofizika İnstitutunun fond materiallarının rəqəmsallaşdırılması haqqında məlumat verib. Bildirib ki, 2021-ci ilin fevral ayından fondda saxlanılan elmi-tədqiqat işləri üzrə hesabatların və institutun Dissertasiya şurasında müdafiə edilmiş dissertasiyaların rəqəmsallaşdırılması üzərində işlər davam edir. Yazılma tarixi 1938-ci ildən başlamış materiallardan bu günə kimi 1183 hesabat rəqəmsallaşdırılıb. Hazırda 735 dissertasiyanın elektron variantı üzərində işlərə start verilib. Bütün bu işləri fondun “Best-Comp Group” şirkətində xüsusi təlim keçmiş əməkdaşları Zümrüd İsmayılova və Şahanə Abdullayeva görürlər.

Elmi şuranın iclası fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün SOCAR “Neftqazelmitədqiqatlayihə” İnstitutunun əməkdaşı Kəmalə Səfərlinin təqdim etdiyi “Qərbi və Şərqi Azərbaycan ərazisində maykop çöküntülərinin toplanma şəraiti və karbohidrogen rezervuarlarının xüsusiyyətləri (Orta Kür və Şamaxı-Qobustan çökəklikləri timsalında)” mövzusunda dissertasiya işinin müzakirə protokolunun təsdiqi ilə sona çatıb.

 

Fotosessiya