Baş nazir İrakli Qaribaşvilinin bəyanatı - TAM MƏTN
Oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə Gürcüstanın Baş naziri mətbuata bəyanatla çıxış etdi.
Baş nazir İrakli Qaribaşvilinin
bəyanatı
-Cənab Prezident.
Hörmətli dostlar, qonaqlar.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi burada səmimiyyətlə salamlayıram. Cənab Prezidentə təşəkkür edirəm ki, bu gün Gürcüstana səfərə gəlib.
Ölkələrimiz arasında olan mehriban qonşuluq münasibətləri və strateji tərəfdaşlıq, o cümlədən əməkdaşlığımızın gündəliyi Sizin səfərinizin əhəmiyyətini vurğulayır. Onu da vurğulamaq istəyirəm ki, Azərbaycanla Gürcüstanın bu qədər yaxın olmasında Sizin töhfəniz çox böyükdür. Bizim ölkələrimiz arasında misilsiz dostluq əlaqələri və sıx münasibətlər var. Həmin münasibətlər tarixi əlaqələrimizə və qarşılıqlı hörmətə əsaslanır. Mən əminəm ki, mövcud əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə daha da yüksək səviyyəyə qalxacaq.
Bu gün bizim çox vacib görüşümüz oldu, müxtəlif məsələləri müzakirə etdik və ölkələrimiz arasında sıx tərəfdaşlığı bir daha vurğuladıq. Biz hazırda dünyada baş verən prosesləri müzakirə etdik və razılığa gəldik ki, bu gün Ukraynada baş verən hadisələr məhz danışıqlar yolu ilə həll edilməlidir.
Onu da nəzərdən keçirdik ki, dünyada baş verən hadisələr yalnız sülh və sabitlik yolu ilə həll olunmalıdır. Bu, həm bizim regionumuz, həm də xalqlarımız üçün vacibdir.
Bununla yanaşı, biz regional vəziyyəti, Azərbaycan və Ermənistan arasında olan təmasları, iki ölkə arasında sülh prosesini nəzərdən keçirdik. Şəxsən mən və bizim hökumətimiz ümidvarıq ki, sülh siyasətini həyata keçirmək üçün əlimizdən gələni edəcəyik. Regionumuzdakı mehriban qonşuluq əlaqələri heç bir əməkdaşlıq formatına zidd deyil, bunu yalnız gücləndirəcəyik və əminəm ki, biz bir yerdə çox işlər görə bilərik.
Cənab Prezident, Sizin Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılması barədə Praqada irəli sürdüyünüz təşəbbüsü də dəstəkləyirəm.
Biz iqtisadiyyat, enerji, nəqliyyat məsələlərini nəzərdən keçirdik. Gürcüstan Azərbaycan üçün önəmli ölkədir və eyni zamanda, Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır. Biz artıq reallaşdırdığımız mühüm layihələri nəzərdən keçirdik. Bunlar tarixi layihələrdir - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz. Bizim həyata keçirdiyimiz layihələr bundan sonra da irəliyə aparılacaq və onları daha da sürətləndirmək əzmindəyik.
Mən Sizin atanızdan, ölkənizin Ümummilli Liderindən sitat gətirmək istəyirəm. Onun xatirəsinə bizim dərin ehtiramımız var. O, vaxtilə Gürcüstanda Tbilisidə olanda demişdi, Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək.
Cənab Prezident, bir daha təşəkkür edirəm.

