Fransalı hüquq müdafiəçisindən Makrona şillə kimi cavab: Bəyanatınız Fransanın son tarixində ən uğursuz diplomatik gediş idi
Fransada fəaliyyət göstərən Vicdan Azadlığı Uğrunda Koordinasiya Mərkəzinin rəhbəri Tyeri Vale bu ölkənin prezidenti Emmanuel Makronu Azərbaycanla bağlı son bəyanatına görə sərt tənqid edib.
“Causeur” Jurnalında “Həqiqət deyilmədən etibar yarana bilməz” başlığı ilə dərc edilən açıq müraciətində Fransalı hüquq müdafiəçisi Vale, Makronun bu bəyanatla Cənubi Qafqazda həssas sülhü təhlükə altına atdığını qeyd edib.
Müəllif qeyd edib ki, Makron həmçinin Avropa Birliyinin Ermənistan - Azərbaycan normallaşması prosesindəki roluna da şübhə salır.
Müraciətdə qeyd olunur ki, sonuncu Praqa görüşündə tərəflərin bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıması kimi vacib addımı fonunda, Makronun “Qarabağı Ermənistanın ürəyi” adlandırması həm beynəlxalq normalara hörmətsizlikdir, həm də bu razılığa zərbə vurub.
Avropanın kövrək sülh prosesindəki rolunu zədələyən Makron, Cənubi Qafqazı “daha da Rusiyaya tərəf itələmiş oldu” yazan Vale, məlum bəyanatı “post-sovet dönəmində Fransanın ən uğursuz diplomatik gedişi” adlandırıb.
Hüquq müdafiəçisi, bəyanatını mənəvi dəyərlərə sədaqətlə əsaslandırmağa çalışan Makronu həm də ikiüzlülükdə ittiham edib. “Düşünmürəm ki, Qarabağ münaqişəsinin ən qaranlıq səhifəsi olan Ermənistanın törətdiyi Xocalı faciəsini sizin dediyiniz kimi “Ermənistanın apardığı tolerantlıq uğrunda mübarizə” çərçivəsinə sığdırmaq olar. Bunu bilib deməmək isə Fransanın quruluş prinsiplərindən olan “Bərabərlik” şüarına hörmətsizlikdir”.
Müraciətin sonunda Vale, E.Makrona Fransanın həqiqi mənəvi dəyərlərinə sadiq olmağa, “Ermənistandakı dostlarını bu ölkənin əvvəlki qatil rejimləri tərəfindən törədilmiş Xocalı cinayətini tanımağa cağırmağı” məsləhət görür: “Bu Fransanın, Cənubi Qafqazda həqiqətən ehtiyac duyulan barışığa gerçək töhfəsi ola bilər”.
“Xocalı: Barışıq üçün etiraf et” koalisiyasının üzvü, məşhur hüquq müdafiəçisi, “Srebrenisa anaları” birliyinin sədri Münirə Sübaşıçın, iki həftə öncə Cenevrədə, BMT İnsan Haqları Şurasında keçirilmiş konfransda etdiyi çıxışdan sitat gətirən Vale müraciətini “Etibarsız barışıq, həqiqət deyilmədən etibar yarana bilməz” sözlərilə bitirib.//Trend

