Geologiya və Geofizika İnstitutunda elmi-tədqiqat işləri üzrə hesabatların müzakirəsi aparılıb

Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi şurasının növbəti iclası keçirilib.

AMEA-dan bildirilib ki, iclasa sədrlik edən institutun baş direktoru akademik Akif Əlizadə Elmi şuranın gündəliyini iştirakçıların diqqətinə çatdırıb. Sonra GGİ-nin icraçı direktoru AMEA-nın müxbir üzvü Dadaş Hüseynov Geologiya və Geofizika İnstitutu ilə Xəzər Universiteti arasında elm və təhsil üzrə işbirliyi barədə imzalanmış müqaviləyə və bu sənəddə ehtiva olunan məsələlərə dair məlumat təqdim edib. Bildirilib ki, Xəzər Universitetinin təşəbbüsü ilə bağlanmış müqavılə əsasında iki müəssisə birgə elmi tədqiqatlar və layihələr həyata keçirəcək. Məlumat bazalarından istifadə, hər iki tərəfin alimlərinin geniş elmi görüş xarakterli tədbirləri və təcrübə mübadilələri yeni model formatında reallaşacaq.

O, həmçinin “Nəzəri və tətbiqi geologiyanın qısa kursu” dərs vəsaitinin nəşrə tövsiyə edilməsi haqqında danışıb.

Gündəliyə uyğun olaraq 2022-ci ildə tamamlanmış elmi-tədqiqat işləri üzrə hesabatların müzakirəsi aparılıb. “Azərbaycanın geoloji öyrənilməsi (1970-2020-ci illər)” mövzusunda AMEA-nın müxbir üzvü Tələt Kəngərlinin, “Azərbaycanın Paleontoloji Atlası” mövzusunda Təbiət Tarixi Muzeyinin baş direktoru biologiya üzrə fəlsəfə doktoru Tariel Eybatovun hesabatları dinlənilib. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti haqqında şuranın sədri Fatma Süleymanova iclas iştirakçılarını məlumatlandırıb.

Bu ilin 10 ayı ərzində Geologiya və Geofizika İnstitutunun kütləvi informasiya vasitələrində fəaliyyəti barədə İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şirməmməd Nəzərli təqdimatla çıxış edib.

Gündəlikdə duran hər məsələ ilə bağlı çıxışdan sonra suallar cavablandırılıb, fərdi mülahizələr səsləndirilib.

İclasın sonunda bir sıra elmi-təşkilati məsələlərə baxılıb.