Özbəkistan Prezidenti Allahşükür Paşazadəyə "Xalqın və Vətənin Hörməti" ordenini təqdim edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Şeyxülislam Allahşükür Paşzadəyə ‘’El-yurt hurmati’’ (Xalqın və Vətənin Hörməti) ordenini təqdim edib.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mükafat iyulun 10-da Daşkənddə Özbəkistan Respublikasının Prezidenti Şavkat Miziyoyev Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxi Allahşükür Paşazadəni qəbulu zamanı təqdim edilib.

 Qeyd olunub ki, bununla bağlı Prezident Şavkat Mirziyoyev tərəfindən imzalanmış fərmanda Allahşükür paşazadənin mənəvi və maarifçilik fəaliyyətlərinin inkişafına töhfə verməsi, dinlərarası və sivilizasiyalararası dialoqun gücləndirilməsi, sülh, humanizm və maarifçilik ideyalarının yayılması, Özbəkistan və Azərbaycan xalqları arasında dostluq və qardaşlığın möhkəmləndirilməsi, dini sahədə ixtisaslı mütəxəssislərin hazırlanması, gənclərin ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi istiqamətləri üzrə xidmətləri qeyd olunub.

Məlumatda vurğulanıb ki, qəbulda Özbəkistanla Azərbaycanla arasında mövcud olan siyasi, iqtisadi və humanitar əlaqələrin möhkəmlənməsindən məmnunluğunu ifadə edən Özbəkistan Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi böyük işləri vurğulayıb. Həmçinin Azərbaycanla Özbəkistan arasındakı müttəfiqlik münasibətlərindən danışıb. Şavkat Mirziyoyev mənəvi əlaqələrin də inkişaf edtirilməsinin zəruriliyini qeyd edərək, bu gün Özbəkistanın renesans dövrünü yaşadığını, islam irsinin qorunduğunu, xüsusilə İslam Sivilizasiyası Mərkəzinin fəaliyyətə başlaması, Səmərqənddə İmam Buxari Memorial Kompleksinin bərpa olunduğunu diqqətə çatdırıb. Bu günlərdə Özbəkistanda təqdimatı keçirilən ‘’Qardaşlıq və Müttəfiqliyin Ali Zirvəsi’’ kitabına görə Şeyxülislam Allahşükür Paşazadəyə minnətdarlığını bildirib. Allahşükür Paşazadə də öz növbəsində Özbəkistan Prezidentinə dərin minnətdarlığını ifadə edərək, Özbəkistanın bu gün yüksək inkişaf və quruculuq yolunda olduğunu deyib.

Daha sonra Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Şeyxülislam Allahşükür Paşzadəyə ‘’El-yurt hurmati’’ (Xalqın və Vətənin Hörməti) ordenini təqdim edib.