Mədəniyyət naziri uşaq musiqi və incəsənət məktəblərinə işə qəbul müsabiqəsində uğur qazanmış müəllimlərlə görüşüb

Oktyabrın 31-də Beynəlxalq Muğam Mərkəzində mədəniyyət naziri Anar Kərimovun uşaq musiqi və incəsənət məktəblərinə işə qəbul müsabiqəsində uğur qazanmış müəllimlərlə görüşü keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Anar Kərimov son iki ildə nazirlik tərəfindən mədəniyyət sahəsində həyata keçirilən islahatlar haqqında danışıb: “Müasir standartlara cavab verən bir sistemə keçid mərhələsindəyik. Biz islahatlara musiqi və incəsənət məktəblərindən başladıq. Çünki bu sahə baza rolunu oynayır və burada proseslərin təməli daha möhkəm və etibarlı qoyulmalıdır. Bu gün görüşdə iştirak edən sizlər islahatlarımızın ilklərindənsiniz. Çox şadıq ki, müəllimlərin işə qəbulu belə bir qaydada, şəffaf şəkildə reallaşdı. Müəllimlərin bu qayda ilə seçimi məktəblərdə kadr potensialının güclənməsinin başlanğıcıdır. Bu işi gələcəkdə başqa sahələrdə də davam etdirəcəyik”.

Nazir həmçinin bildirib ki, ölkəmizdə son illərdə mədəniyyət sahəsində uğurla həyata keçirilən layihələr, dövlət proqramları və islahatlar milli mədəniyyətimizin dünya mədəniyyətinə inteqrasiyasına zəmin yaradıb. Prezident İlham Əliyevin mədəniyyət sahəsi ilə bağlı imzaladığı fərman və sərəncamların icrası ilə əlaqədar Azərbaycanda mədəniyyətin müxtəlif istiqamətlərinin inkişafı, peşəkar mütəxəssislərin hazırlanması, regionlarda mədəniyyətin tərəqqisi ilə bağlı mühüm işlər görülüb.

Müəllimlərin işə qəbulu prosesi ilə bağlı məlumat verən nazir qeyd edib ki, bu ilin avqustun 7-də Dövlət İmtahan Mərkəzi ilə birgə müsabiqənin test mərhələsi, sentyabrın 5-9-da isə müsahibə mərhələsi keçirilib: “Test mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçən 1992 namizəddən 1709-u imtahanda iştirak edib, onlardan 482-si tələb olunan keçid balını toplayaraq müsabiqənin müsahibə mərhələsində iştirak hüququ qazanıb. 383 nəfər elan olunmuş vakant vəzifələrə qeydiyyatdan keçərək müsahibələrdə iştirakını təsdiqləyib. Müsahibələrdə iştirak edən 352 nəfərdən 215-i tələb olunan keçid balını toplayaraq müsabiqədə uğur qazanıb. Onlardan 126-sı (59 faizi) ali ixtisas təhsilli, 89-u (41 faizi) orta ixtisas təhsillidir. Habelə, 8-i görmə qabiliyyəti tam məhdud olan I qrup gözdən əlil uğurlu nəticə göstərərək işlə təmin olunub”.

Qeyd olunub ki, uğur qazanmış 215 namizəddən ən yüksək nəticəni Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano ixtisası üzrə məzunu Lalə Əhmədova (test imtahanından 58, müsahibədən 15 bal) göstərib. Yüksək nəticələr üzrə ilk üçlüyə isə Azərbaycan Milli Konservatoriyasının məzunları Solmaz Rəhimova və Gültəkin Cavadova daxildir.

Anar Kərimov eyni zamanda müsabiqənin yüksək səviyyədə, obyektiv, qərəzsiz keçirilməsində müsahibə komissiyalarının sədrlərinin və üzvlərinin əməyini xüsusi qeyd edərək onlara təşəkkürünü bildirib.

Nazir çıxışının sonunda oktyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində “İncəsənət məktəblərində islahat prosesləri: məqsədlər və nailiyyətlər” mövzusunda keçirilən müşavirədə Bakıda və regionlarda fəaliyyət göstərən uşaq incəsənət və musiqi məktəblərinin direktorlarına gənc müəllimlərə 24 saatdan az olmayaraq iş saatının verilməsi barədə göstəriş verdiyini diqqətə çatdırıb. Həmçinin regional idarələrin rəhbərlərinin bu prosesə nəzarəti həyata keçirmələri barədə göstəriş verildiyi qeyd edilib.

Sonda müsabiqədə yüksək bal toplayan müəllimlərə və müsahibə komissiyalarının üzvlərinə nazirliyin fəxri fərmanlarını təqdim edən mədəniyyət naziri Anar Kərimov Azərbaycan mədəniyyətinin, təhsilinin inkişafındakı fəaliyyətlərində onlara uğurlar arzulayıb.