Filarmoniyada unudulmaz sənətkar Sara Qədimovanın xatirəsi anılıb

Mədəniyyət Nazirliyinin dəstəyi ilə M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında məlahətli və ecazkar səsi ilə uzun illər milyonlarla insanlara sevinc bəxş edən, Xalq artisti Sara Qədimovanın 100 illiyinə həsr edilmiş konsert proqramı təqdim olunub.

Nazirlikdən  bildirilib ki, konsertdə mərhum sənətkarın ifası ilə sevilərək ürəklərə yol açan, xalq və bəstəkar mahnıları, təsniflər Xalq artisti Simarə İmanova, Gülyaz Məmmədova, Zabit Nəbizadə, Əməkdar artistlər Almaz Orucova, Gülüstan Əliyeva, Nuriyyə Hüseynova, Zakir Əliyev, Firuz Səxavət, tanınmış müğənnilər Vəfa Vəzirova, Rəvanə Qurbanova, Şəhla Həmidovanın ifasında səslənib.

Yubiley gecəsində sənətçiləri Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti müşayiət edib.