Həndbol üzrə XXIX Azərbaycan çempionatına start verilib

Həndbol üzrə XXIX Azərbaycan çempionatına start verilib. “AHF Arena” idman kompleksində keçirilən yarışın açılış mərasimi iştirakçıların paradı ilə başlanıb.

Azərbaycan Həndbol Federasiyasının (AHF) mətbuat xidmətindən bildiriblər ki, açılış mərasimində çıxış edən Federasiyanın vitse-prezidenti Orxan Abbasov AHF-nin prezidenti Saleh Məmmədovun adından iştirakçıları yarışın başlanması münasibətilə təbrik edib.

O, turnirin həndbolun inkişafına təkan verəcəyinə ümidvar olduğunu söyləyərək komandalara uğurlar arzulayıb.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov növbəti ölkə çempionatından sağlam rəqabət və maraqlı idman mübarizəsi gözlədiklərini bildirib. Nazirlik rəsmisi komanda sayının artırılmasının buna zəmin yaradacağını vurğulayıb.

Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra turnir açıq elan edilib.

Azərbaycan çempionatı kişilərin yarışı ilə start götürüb.

Açılış matçında “Təhsil” “U-16” üzərində inamlı qələbə qazanıb – 49:19. Ardınca meydançaya “Məhsul” və “Bakı” komandaları çıxıblar.

Gözlənildiyi kimi gərgin mübarizə ilə yadda qalan oyun 29:28 hesabı ilə “Məhsul”un xeyrinə başa çatıb. “İdman Akademiyası” – RİOEUGİM görüşündə isə ev sahibi qələbə çalıb – 46:28.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarışda ümumilikdə 7 kişi (Bakı, Təhsil, Məhsul, İdman Akademiyası, Dinamo, RİOEUGİM, U-16) və 5 qadın (Azəryol, Qarabağ, İdman Akademiyası, Azərsu, U-16) kollektivi mübarizə aparır.