Prezident: Frankofoniya təşkilatında olan dostlarımızın səyi nəticəsində anti-Azərbaycan tezisləri qətnamədən çıxarıldı

Bu yaxınlarda yenə də üzv olmadığımız, amma Ermənistanın bilmirəm hansı səbəbə görə üzv olduğu Frankofoniya təşkilatı çərçivəsində də Azərbaycana qarşı çirkin bir təxribat planlaşdırılırdı. Bu təxribatın müəllifi Fransa idi və Fransa da Ermənistana indi himayədarlıq edir.

Bunu Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyev partiyanın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında bildirib.

Təşkilatda hazırlanmış qətnamənin ilkin variantının sırf anti-Azərbaycan tezislər üzərində qurulduğunu və həqiqətə tam zidd olduğunu bildirən dövlətimizin başçısı deyib: “Frankofoniya təşkilatında olan dostlarımızın, - onları biz yaxşı tanıyırıq və onlar da, sözün əsl mənasında, dostlarımızdır, - səyi nəticəsində bütün anti-Azərbaycan tezisləri oradan çıxarıldı. Fransa-Ermənistan tandemi bu imkandan da istifadə edə bilməmişdir. Yəni, bu, onu göstərir ki, bizim beynəlxalq təşkilatlardakı nüfuzumuz və beynəlxalq müstəvidə apardığımız siyasət təqdir edilir. Çünki biz hər bir işə hər zaman məsuliyyətlə yanaşırıq. Bizim sözümüzlə imzamız arasında heç bir fərq yoxdur. Biz xarici siyasət konsepsiyamızda əməkdaşlıq, dostluq prinsiplərini üstün tuturuq və imkan daxilində ehtiyacı olan ölkələrə kömək göstəririk, necə ki, COVID dövründə 80-dən çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişik”.

Prezident vurğulayıb ki, Azərbaycanın beynəlxalq arenada özünü ləyaqətlə aparması bizə əlavə hörmət qazandırdı.