Ağdam rayonunda ermənilər tərəfindən öldürülən şəxslərə aid sümüklərin aşkarlanması faktı ilə bağlı araşdırma aparılır

24 iyul 1993-cü ildə bir neçə Azərbaycan vətəndaşının Ağdam rayonu Sarıcalı kəndi ərazisində Ermənistan hərbi birləşmələri tərəfindən odlu silahdan açılan atəşlə öldürülmələri və həmin ərazidə basdırılmaları barədə Ağdam rayon prokurorluğuna daxil olmuş müraciət üzrə araşdırma başlanılıb.

Rayon prokurorluğundan bildirilib ki, araşdırma ilə əlaqədar olaraq prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə noyabrın 22-də rayonun Sarıcalı kəndindən keçən Ağcabədi-Ağdam yolunun sağ və sol tərəflərində xüsusi texniki vasitələrdən istifadə edilməklə qazıntı işləri aparılıb.

Qazıntılar zamanı qeyd edilən ərazidən insana aid olması ehtimal edilən 15 ədəd sümük aşkar edilərək ekspertiza aparılması məqsədilə müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Hazırda araşdırma davam edir.