Ombudsman Dünya Bankının nümayəndələri ilə görüşüb

İnsan Hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva Dünya Bankının gender məsələləri üzrə mütəxəssisi Nato Kurşitaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə  Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Ombudsman görüş zamanı əsas fəaliyyət istiqamətləri və beynəlxalq əməkdaşlıq sahəsində görülən işlər barədə qonağa geniş məlumat verib. Diqqətə çatdırılıb ki, Ombudsmanın təşəbbüsü ilə gender bərabərliyinin təmin olunması sahəsində məlumatlılığın artırılması nəticəsində regionlarda geniş maarifləndirmə tədbirləri həyata keçirilməkdədir.

Xüsusilə gənc nəslin gender sahəsindəki biliklərinin artırılmasının vacibliyini vurğulayan Ombudsman Bakı Dövlət Universitetində “Genderə giriş” fənnini tədris etdiyini qonağın diqqətinə çatdırıb.

S.Əliyeva, həmçinin qadın məhkumların cəmiyyətdə özlərinə layiqli yer tutmaları üçün cəzaçəkmə müəssisələrində onun da təşəbbüsü nəzərə alınmaqla peşə məktəblərinin fəaliyyətə başladığını bildirib.

Qonaq sonda səmimi qəbula və faydalı fikir mübadiləsinə görə Ombudsmana təşəkkürünü bildirib, gələcək əməkdaşlıqla bağlı fikirlərini bölüşüb.