Son dörd gün ərzində meşə fondu torpaqlarında 105 min ağac əkilib

Respublikanın bütün regionlarını əhatə edən meşəbərpa tədbirləri bu gün ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin iştirakı ilə Yevlax, Ağdaş, Zərdab rayonlarında, nazir müavini Vüqar Kərimovun iştirakı ilə isə Şabran rayonunda aparılıb. Ümumilikdə 12 hektar meşə fondu torpağında 18 min 500 müxtəlif növ ağac tingi əkilib, 100 kiloqramdan çox palıd toxumu səpilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, nazirliyin rəsmilərinin və Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşlarının iştirakı ilə bu gün meşəbərpa tədbirləri, eyni zamanda, Şəki, Qəbələ, Şamaxı, Quba, Ağcabədi, Bərdə, Sabirabad, Lənkəran, Masallı, Tovuz, Şəmkir rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində həyata keçirilib: “Beləliklə, gün ərzində ümumilikdə 42 hektar sahədə 32 min 500 müxtəlif növ ağac tingi əkilib, 2 min 100 kiloqram toxum səpilib”.

Mətbuat katibinin sözlərinə görə, payız əkin planına uyğun olaraq son dörd gün ərzində meşə fondu torpaqlarında 105 min ağac əkilib.