Dövlət büdcəsinə dəyişikliklər: Naxçıvana dotasiya azaldılır

2023-cü ilin dövlət büdcəsinə bir sıra dəyişikliklər edilib.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında büdcə müzakirələri zaman deyib.

Nazir bildirib ki, gələn il üçün dövlət büdcəsindən Naxçıvana ayrılan dotasiya 31,1 milyon manat azaldılır.

 Nazir qeyd edib ki, Naxçıvana dotasiyadan azaldılan 31,1 milyon manat Azərbaycanın yeni səfirliklərin açılması və onların fəaliyyətinin təmin edilməsinə, beynəlxalq fəaliyyətdə Azərbaycan maraqlarının müdafiə edilməsi üçün hüquq məsləhətçilərinin cəlb edilməsinə, səfirliklərin təhlükəsizliyinin qorunmasının artırılmasına yönəldiləcək. “Yerdə qalan vəsaitin 4,1 milyon manatı Milli Məclisin xərclərinə, 11,1 milyon manatı müdafiə və milli təhlükəsizlik xərc bölməsinin köməkçi bölməsinə yönəldiləcək”, - deyə nazir əlavə edib.

S.Şərifovun sözlərinə görə, Naxçıvanda Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İdarəsi dövlət büdcəsinin mərkəzi xərclərindən maliyyələşəcək.//trend