“Atabəylər: Şəmsəddin Eldəniz” layihəsinin musiqi tərtibatı üzrə müsabiqə elan edilib

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Azərbaycanın ilk çoxseriyalı tarixi bədii-televiziya filmi olan “Atabəylər: Şəmsəddin Eldəniz”in musiqi tərtibatının (soundtrack) hazırlanması üçün dekabrın 25-dən 2023-cü il yanvarın 25-dək müsabiqə elan edir.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ekran əsərində möhtəşəm döyüş səhnələri, dövlətçilik, sevgi, ayrılıq, xəyanət, sevinc, təlaş və sair mövzular yer alacaq. Bu baxımdan, bəstələrini təqdim edən iştirakçılar müsabiqə üçün musiqilərin leytmotivini filmin mahiyyətinə uyğunlaşdırmalıdırlar. Müsabiqənin şərtlərinə əsasən hər bir iştirakçı ən azı 1 və ən çoxu 5 musiqi parçası, eləcə də fərqli leytmotivlər təklif edə bilər. Bir və ya bir neçə qalib gələn iştirakçını birgə işləmək üçün layihəyə cəlb etmək mümkündür. İştirakçılar həmçinin birləşərək qrup şəklində də öz təkliflərini verə bilərlər. Qalib gələn iştirakçılarla musiqilərin yazılması məqsədilə müqavilə danışıqlarına başlanılacaq.

Qeyd edək ki, iştirakçılar öz bəstələrini [email protected] elektron ünvanına MP3 formatında göndərməlidirlər. Məktubda iştirakçının adı, soyadı və əlaqə nömrəsi mütləq qeyd edilməlidir. Müsabiqə 1-ci yerin qalibi 1.500 manat, 2-ci yerin qalibi 1.000 manat, 3- yerin qalibi isə 500 manat məbləğində mükafat alacaq. Qaliblər Azərbaycan Televiziyası, Mədəniyyət Nazirliyi və “Şahdağ Film”in peşəkar mütəxəssislərindən ibarət münsiflər heyətinin mülahizəsinə əsasən seçiləcək və onların adları ictimaiyyətə açıqlanacaq.