Xalq artisti Rauf Hacıyevin 100 illiyinə həsr olunmuş musiqi festivalı davam edir

Görkəmli bəstəkar, Xalq artisti Rauf Hacıyevin 100 illiyi münasibətilə keçirilən musiqi festivalının növbəti konserti Beynəlxalq Muğam Mərkəzində təşkil edilib.

Yığcam, xüsusi ab-havası olan musiqi axşamında bəstəkarın Əlcəzair mövzusunda əsərləri, piano üçün miniatürləri səsləndirilib.

Konsert proqramında bəstəkarın sevilən mahnıları dirijor Leyla Zalıyevanın rəhbərliyi ilə “Şəms-Qəmər” kamera xoru (Milli Konservatoriya) tərəfindən səsləndirilib. Xoru Əməkdar müəllim Naibə Şahməmmədova müşayiət edib. Əməkdar artistlər Nərgiz Kərimova və Fərid Əliyev tərəfindən Rauf Hacıyevin operettalarından parçalar ifa olunub.

Gecədə musiqişünas Vəfa Həmidova dolğun və əhatəli çıxışı ilə tamaşaçıları R.Hacıyev yaradıcılığının maraqlı məqamları ilə tanış edib. Beynəlxalq müsabiqələr laureatları Fəqan Həsənli və Atabala Manafzadə bəstəkarın fortepiano üçün miniatürlərini sevgi və ehtiram dolu ifaları ilə təqdim ediblər.

“Saçlarına gül düzüm” mahnısının Xalq artisti Salman Qəmbərov və ifaçı Rövşən Qəhrəmanovun yeni işləmədə birgə ifaları isə konsert proqramına xüsusi rəng qatıb.

Bütün gözəlliklərə və improvizələrə imkan yaradan Rauf Hacıyev musiqisinin maraqlı təqdimatları, məlahətli tembrləri konsertin ovqatına fərqlilik və gözəllik bəxş edib.

Xatırladaq ki, dekabrın 3-də başlayan “Rauf Hacıyev - 100” festivalı dekabrın 27-dək davam edəcək.