Pakistanın Baş naziri hindistanlı həmkarını danışıqlara çağırıb
Pakistanın Baş naziri Şahbaz Şərif hindistanlı həmkarı Narendra Modini iki ölkə arasında mübahisəli məsələlər, o cümlədən Kəşmir regionu ilə bağlı danışıqlar aparmağa çağırıb.
Bu barədə “Associated Press of Pakistan” agentliyi məlumat yayıb.
"Hindistan rəhbərliyinə və Baş nazir Narendra Modiyə mesajım budur ki, gəlin danışıqlar masası arxasına əyləşək və Kəşmir kimi aktual problemlərin həlli üçün ciddi və səmimi söhbət edək", - deyə Şahbaz Şərif bildirib .
O qeyd edib ki, İslamabad Kəşmirin Hindistanın nəzarətində olan hissəsində milli azlıqların vəziyyətindən, eləcə də 2019-cu ildə regionda aparılan inzibati islahatlardan narahatdır. Siyasətçi vurğulayıb ki, Pakistan və Hindistan qonşu olaraq qalır və hər iki ölkənin iqtisadi rifahı naminə sülh şəraitində yaşamalıdır.
1947-ci ildən, Hindistan müstəqillik qazandıqdan sonra Kəşmir dini zəmində iki dövlətə bölünüb. O vaxtdan bəri region Hindistan və Pakistan arasında mübahisə mövzusu olaraq qalır. Hazırda Kəşmirdə dövlət sərhədi yoxdur, onun ərazisi bir-birindən nəzarət xətti ilə ayrılır.//AZƏRTAC