Qərbi Azərbaycana Qayıdış Konsepsiyası üzrə işlər yekunlaşmaq üzrədir

Qərbi Azərbaycana Qayıdış Konsepsiyası üzrə işlər yekunlaşmaq üzrədir. İdarə Heyəti ilə yanaşı, digər orqanlar sənədin hazırlığında fəal iştirak edirlər.

Bu barədə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli məlumat verib.

Bildirib ki, prosesdə geniş ictimaiyyətdən, xüsusilə beynəlxalq ümumi hüquq, humanitar hüquq, insan hüquqları, postmünaqişə dövründə reabilitasiya və reinteqrasiya, qaçqınların hüquqları kimi mövzularda ixtisaslaşmış mütəxəssislərdən xeyli sayda dəyərli təkliflər daxil olub. Daxil olmuş təkliflər təhlil edilib, əsas mövzular üzrə sistemləşdirilib və sənədin layihəsi hazırlanıb.

“Sənəd layihəsi repatriasiya sahəsində beynəlxalq aləmdə qəbul olunan mütərəqqi yanaşma və prinsiplərə əsaslanır və qayıdış prosesinin hüquqi, praktiki, təhlükəsizlik, sosial-iqtisadi və digər aspektlərinə dair İcmanın konseptual mövqeyini əks etdirir.

Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanmaqla, ədalətin və sülhün bərqərar olunmasına xidmət edəcək. İcmanın əsas orqanlarında müzakirələr başa çatdıqdan sonra, İdarə Heyəti sənəd layihəsini tamamlayaraq, prosedura uyğun olaraq, rəsmi təsdiq üçün Müşahidə Şurasına təqdim edəcək”, - deyə Əziz Ələkbərli bildirib.