Azərbaycan və Latviya ekspertləri iqlim dəyişmələri sahəsində əməkdaşlıq üzrə müzakirələr aparıb

Azərbaycan Respublikasının İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının fəaliyyəti çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Latviya Respublikasının İqlim və Energetika (MCE), Ətraf Mühitin Mühafizəsi və Regional İnkişaf nazirlikləri (MEPRD) ilə birgə elmi-praktiki vebinar təşkil edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, vebinarda Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevanın “Azərbaycanda iqlim davamlılığına nail olunmasında Hidrometeorologiya Xidmətinin rolu” və xidmətin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Fuad Hümbətovun “Paris Sazişinin şəffaflıq mexanizminin tələblərinə cavab vermək üçün Azərbaycanda potensialın artırılması” mövzusunda təqdimatları olub.

Latviyalı ekspertlər də öz növbəsində “Latviyada iqlim dəyişmələri üzrə siyasət çərçivəsi və yenilənən MRV/ETF sistemi”, “İqlim dəyişmələrinin monitorinqi və iqlim riskinin təhlili”, “Tullantılar barədə informasiya sistemləri” və “Latviyada sudan istifadə və tullantı suların statistikası” mövzusunda təqdimatlarla çıxış ediblər.

Təqdimatlar zamanı iqlim dəyişmələri ilə mübarizə sahəsində institusional boşluqların aradan qaldırılması, tullantıların idarə edilməsi, erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi, istixana qaz emissiyalarının hesablanması metodlarının araşdırılması barədə iştirakçıların sualları ekspertlər tərəfindən cavablandırılıb.

Yekunda LatviyaAzərbaycan hökumətləri arasında imzalanmış “Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş” çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, erkən xəbərdarlıq sisteminin effektiv qurulması və digər sahələrdə əməkdaşlığın davam etdirilməsi üzrə razılıq əldə edilib, bu istiqamətdə növbəti görüşlərin təşkili, məlumat mübadiləsi, əməkdaşlıq perspektivləri müzakirə olunub.