Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşib

Avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniyanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatında mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşib.

Yerveinsan.az  Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, final mərhələsində yığmamızın yer aldığı C qrupunun oyunları Almaniyada keçiriləcək. Komandamızın rəqibləri isə meydan sahibləri ilə yanaşı, Çexiya, Türkiyə, Yunanıstan və İsveç olacaq.

Millimiz avqustun 18-də Çexiya, ertəsi gün Almaniya, ayın 20-də isə Türkiyə seçməsi ilə qarşılaşacaq. Voleybolçularımız avqustun 22-də Yunanıstan, ertəsi gün isə İsveç ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsində 24 komanda 4 qrupda mübarizə aparacaq. Qrupda ilk dörd yeri tutacaq komandalar növbəti mərhələyə yüksələcəklər.