Baş nazir Viktor Orbanın bəyanatı - TAM MƏTN

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban yanvarın 30-da Budapeştdə mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Macarıstanın Baş naziri bəyanatla çıxış edib.

Baş nazir Viktor Orbanın
bəyanatı
- Xanımlar və cənablar, hər vaxtınız xeyir.

Möhtərəm cənab Prezident Əliyev.

Azərbaycandan olan əziz dostlarımız.

Azərbaycan ilə Macarıstanın rəhbərləri arasında keçirilən görüşlər hər zaman müstəsna əhəmiyyətə malikdir. Cənab Prezident və mən 10 ildən artıqdır ki, bir yerdə çalışırıq, ölkələrimizi bir–birinə daha da yaxınlaşdırırıq, əməkdaşlığı dərinləşdiririk və hər iki ölkənin mövqeyinə uyğun səviyyəyə gətirməyə çalışırıq. Ancaq bu, sadəcə, bu gün dostların görüşü deyil, bu gün strateji məsələlərə dair müzakirələr aparıldı, bu günə qədər olan strateji əməkdaşlığımız növbəti səviyyəyə qaldırıldı və bu əməkdaşlıq genişləndirildi. Bunun səbəbi isə ondan ibarətdir ki, hər iki ölkə yaxşı dərk edir və aydın görür ki, təkcə Avropa deyil, dünyanın digər bölgələri də təhlükələrlə üz-üzədir.

Bu gün beynəlxalq münasibətlərdə olan mühit əvvəlkindən olduqca təhlükəlidir. Bizim qonşuluğumuzda baş verən müharibə və Brüssel tərəfindən tətbiq edilmiş sanksiyalar Macarıstan üçün olduqca təhlükəli bir vəziyyət yaradıb, bizim enerji təhlükəsizliyimiz, Avropanın enerji təhlükəsizliyi həssas məqama qədəm qoyub. Burada yaranan bu şərait Azərbaycanın əhəmiyyətini dərhal artırdı. Bu əhəmiyyət bir növ sıçrayış etdi. Azərbaycan hər zaman bizim dostumuz olub, indi isə o, artıq bütün Avropa üçün strateji tərəfdaş olan ölkədir. Bunu bu gün Avropada hər kəs anlayır ki, bizim bu vəziyyətə olan cavabımız şaxələndirmədir. Müxtəlif mənbələrdən maksimal dərəcədə nəql edilə biləcək həcmdən söhbət gedir.

Bu gün biz cənab Prezidentlə on il bundan öncəki təcrübəmiz haqqında danışdıq. O zaman hər iki ölkə artıq onun üzərində çalışırdı ki, Azərbaycandan enerji Avropaya nəql edilsin. O zaman həmin plan həyata keçirilmədi, yadınızdadırsa, bu, NABUKKO layihəsidir. Ola bilər bir vaxt gələcək tarixçilər buna diqqət yetirəcəklər ki, nə üçün NABUKKO layihəsi təxirə salındı. Əlbəttə, bu Rusiyanın Ukraynanı işğalından daha öncəki dövrə təsadüf edir. O zaman təbii ki, enerji resursları Avropaya nəql edilmədi, bu gün isə biz yenidən ssenari ilə üz-üzəyik ki, Azərbaycandan Avropaya enerji həcmləri nəql edilsin. Bu səbəbdən biz Azərbaycanın bu məsələyə sadiqliyini çox yüksək qiymətləndiririk ki, Azərbaycan Avropa İttifaqı ilə müvafiq sənəd imzalayıbdır. Həmin sənədə uyğun olaraq, 2027-ci ilə qədər Azərbaycan Avropaya nəql ediləcək qazın həcmini iki dəfə artıracaqdır.

Bununla yanaşı, biz digər bir saziş də imzalamışıq. Biz Azərbaycanda istehsal edilən elektrik enerjisini Avropaya gətirəcəyik. Xəritəyə baxsanız görərsiniz ki, həm təbii qaz, həm də elektrik enerjisi baxımından Azərbaycandan gələn bu enerji həcmləri Macarıstandan keçəcək. Ona görə də Macarıstan da bu məsələdə uduşlu vəziyyətdə olmaq arzusundadır. Həmçinin nəqliyyat marşrutu üzərində yerləşdiyimiz üçün Macarıstanın da rolu artacaqdır.

Mən çox şadam ki, Macarıstan həll yolunun - problemin deyil, həll yolunun tərkib hissəsi olacaqdır. Aydın məsələdir ki, infrastruktur layihələrinin inkişafına böyük ehtiyac olacaq. Burada nəhəng vəsaitlərdən söhbət gedir, böyük layihələr həyata keçirilməlidir. Biz artıq Bolqarıstanın, Rumıniyanın, Slovakiyanın enerji şirkətləri ilə danışıqlara və əməkdaşlığa başlamışıq ki, buraya lazımi vəsait cəlb edilsin. Rumınlar, bolqarlar və macarlar artıq əməkdaşlığa başlayıblar. Bu, təkcə regional deyil, bu, pan-Avropa məsələsidir. Ona görə bizim gözləntimiz odur ki, Avropa Komissiyası bu layihələri dəstəkləyəcək. Xatırlatmaq istərdim ki, mən cənab Əliyevlə Buxarestdə bu yaxınlarda da növbəti saziş imzaladıq və bununla da elektrik enerjisi kabeli Qara dənizin dibi ilə çəkiləcək və bu, Azərbaycandan olan yaşıl enerjini Avropaya gətirəcəkdir. Budur, bizim bugünkü şəraitimiz və bu, iki ölkənin rəhbərlərinin indiki görüşünü labüd edən bir şəraitdir.

Mən çox şadam ki, cənab Prezident Əliyev vaxt tapıb bizə səfər edib. Bu gün, əlbəttə ki, enerji və qazla zəngin olan ölkənin dostları çox olur, amma əmin etmək istərdim ki, biz Azərbaycanla bundan çox uzun müddət əvvəl dost olmuşuq və bu əməkdaşlığa görə cənab Prezidentə təşəkkür edirəm. Diqqətinizə görə çox sağ olun.