AQTA-nın nümayəndə heyəti Rusiyada işgüzar görüşlər keçirib

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Rusiya Federasiyasına işgüzar səfər çərçivəsində həmin ölkənin Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Heyvan Sağlamlığının Mühafizəsi üzrə Federal Mərkəzinin nümayəndələri ilə görüş keçirib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən  verilən məlumata görə, görüş zamanı mərkəzin fəaliyyət istiqamətləri haqqında təqdimatlar edilib.

Səfər zamanı nümayəndə heyəti Bioloji Təcrübə Laboratoriyasının (vivarium) işi ilə yaxından tanış olub və bu sahədə gələcək əməkdaşlıq perspektivləri barədə danışıqlar aparıb. Görüşdə Azərbaycanda təcrübə heyvanlarının saxlanılması üçün inşa ediləcək vivariumun baytarlıq təqdiqatlarının genişləndirilməsi istiqamətində görülən işlər müzakirə mövzusu olub və bu sahədə Rusiyanın müvafiq qurumlarının təcrübəsindən istifadə ediləcəyi diqqətə çatdırılıb.

Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti səfər çərçivəsində Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsinə Nəzarət Federal Xidmətinin (“Rospotrebnadzor”) F.F.Erisman adına Federal Elmi Gigiyena Mərkəzinin fəaliyyəti ilə də yaxından tanış olub. Burada laboratoriyalara və mərkəzin tabeliyində fəaliyyət göstərən vivariuma baxış keçirilib.