Azərbaycan arxeoloqlarının beynəlxalq qazıntılardakı nəticələri Avropa nəşrlərində yer alıb


Cənubi Qafqaz Boru Kəmərinin Genişlənməsi (CQBKG) layihəsi üzrə “CQBKG-də arxeoloji qazıntılar, Azərbaycan” adlı icmal hesabat tamamlanaraq York Universitetinin Arxeologiya departamentinin internet arxeologiya jurnalında yerləşdirilib.

Arxeoloji proqramı əhatə edən CQBKG layihəsi milli və beynəlxalq arxeoloqlardan ibarət komandanın köməyi ilə 48 yerdə həyata keçirilib. İcmal hesabat Azərbaycan arxeoloqları ilə birgə CQBKG marşrutu üzrə arxeoloji ekspedisiyaların tərkibində iştirak edən britaniyalı arxeoloq Devid Meynard tərəfindən hazırlanıb.

Hesabat Azərbaycandakı CQBKG arxeoloji ərazilərinin əsas aspektlərini əhatə edir. Arxeoloji qazıntılar zamanı Poylu, Xocaxan və Ağılı Dərədə Xalkolit dövrünə aid artefaktlar tapılıb, Soyuqbulaq və Tovuzçaydakı dəfnlərlə Son Tunc-İlk Dəmir dövrünün dəfn adətləri müəyyən edilib. Son Tunc-Erkən Dəmir dövrünün Xocalı-Gədəbəy mədəniyyəti II Tovuzçayda tapılmış qəbiristanlıq və Borsunlu düşərgəsindəki kurqanlarla yaxşı təmsil olunur. Yevlax ərazisində Əmirarx, Bəyimsarov, Səmədabad və Yəldilidə Antik dövrə aid küp qəbir qəbiristanlıqları da aşkar edilib. Orta əsr yaşayış məskənləri Əmirarx, Faxralı, Lək və Hacılıda qazılıb.

Layihənin əsas kəşfi Kərpiclitəpədə orta əsrlərə aid qalanın üzə çıxması olub. Bu hər küncündə bürcləri olan və monqol istilası ilə başa çatan işğalın sübutu olan düzbucaqlı bir feodal qəsri idi.

Birləşdirilmiş hesabatda qazıntıların qısa xülasəsi verilməklə layihənin mühüm əhəmiyyəti əks olunur. Hər bir arxeoloji sahə üçün təfərrüatlı şəkildə hesabatda BTC/CQBK layihəsinin hesabatına oxşar formada ADS veb-saytındakı arxivə keçidlər vasitəsilə daxil olmaq mümkündür. Beləliklə, oxucu radiokarbonun ətraflı təhlili və müxtəlif layihələrin nəticələrinə əsasən müqayisəli təhlillərlə birlikdə bütün məlumatları buradan əldə edə bilər.

Bütövlükdə, hesabat Azərbaycanın qərb bölgəsinin çox geniş tarixinin bir hissəsini əks etdirən vasitə hesab edilə bilər.