Sabah Qızılağac və Ağgöl milli parklarında “Açıq qapı” günü keçiriləcək

2 Fevral Ümumdünya Su-Bataqlıq Əraziləri Günü ilə əlaqədar Qızılağac və Ağgöl milli parklarında “Açıq qapı” günü keçiriləcək. Sabah ziyarətçilər Qızılağac və Ağgöl milli parklarına ödənişsiz daxil olaraq ərazidə toplaşan çoxsaylı ornitofauna növlərini müşahidə edə biləcəklər.

Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev deyib.

Xidmət rəsmisi bildirib ki, bu il Ümumdünya Su-Bataqlıq Əraziləri Günü “Su-bataqlıq ərazilərini bərpa etmək vaxtıdır” çağırışı ilə qeyd olunur.

“Azərbaycanda ümumi sahəsi 200 min hektardan artıq olan su-bataqlıq ərazisi mövcuddur və həmin potensiala görə həmin ərazilərdə qışlama və köç mövsümündə 100 minlərlə ornitofauna növləri toplanır. Daha geniş ornitoloji imkanlara malik Ağgöl və Qızılağac milli parkları 2001-ci il mayın 25-dən beynəlxalq əhəmiyyətli Su-bataqlıq əraziləri haqqında Ramsar Konvensiyasının siyahısına daxil edilib”, - deyə R.Allahverdiyev diqqətə çatdırıb.