Prezident İlham Əliyevin bəyanatı - TAM MƏTN

Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis mətbuata bəyanatlarla çıxış ediblər.

Yerveinsan.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib.

                     Prezident İlham Əliyevin bəyanatı


-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident, Sizi Azərbaycanda səmimiyyətlə salamlamaq istərdim, Azərbaycana xoş gəlmisiniz. Biz keçən ay Sizinlə Buxarestdə görüşmüşdük və şadam ki, bir aydan sonra Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz. Bu, onu göstərir ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir.

Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər doğrudan da strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir.

Eyni zamanda, ticari-iqtisadi sahələrdə də nəticələr var. Ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Biz ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq və ümid edirəm ki, hökumətlərarası komissiyanın fəaliyyəti məhz bu məqsədi güdəcək. Komissiya keçən il Bakıda görüşüb, bu il isə Buxarestdə görüşəcək. Beləliklə, ticari-iqtisadi sahədə də yaxşı nəticələr ola bilər.

Energetika, əlbəttə ki, təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Yəni, SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır.

İndi isə bizim əməkdaşlığımız yeni mərhələyə çıxır. Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir.

Biz isə iki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik. Bunu Avropa İttifaqına rəhbərlik edən şəxslər qeyd edirlər. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bunu bir daha göstərir. Biz öz qaz ixracatımızı sürətlə artırırıq və ilk növbədə, Avropa məkanına.

Hörmətli qonağımız sabah Azərbaycanda keçiriləcək Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının açılış mərasimində iştirak edəcəkdir. Prezident Yohannisin açılışda iştirakı bu tədbirin böyük əhəmiyyətindən xəbər verir. Əlbəttə, Buxarestdə bizim əsas tədbirimiz yaşıl enerji ilə bağlı idi. Bu istiqamətdə də çox önəmli addım atılmışdır və sabah yaşıl enerji üzrə birinci Məşvərət Şurası keçiriləcək. Bu, çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, bir neçə ölkəni, iki dənizi birləşdirən bir layihədir. Əlbəttə, ümid edirik ki, sabahkı birinci rəhbər komitənin toplantısı gələcək birgə fəaliyyət üçün bir yol xəritəsini də təklif edəcək.

Bir sözlə, biz çox önəmli strateji tərəfdaşlıq platformuna əsaslanaraq bu gün müasirliyə doğru, inkişafa doğru, enerji təhlükəsizliyinə doğru çox önəmli addım atmış olduq. Eyni zamanda, digər sahələr də prioritet təşkil edə bilər, o cümlədən nəqliyyat sahəsi. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var. Əminəm ki, həm qaz, həm yaşıl enerji dəhlizləri, o cümlədən nəqliyyat sahəsində də gözəl nəticələrə gətirib çıxaracaqdır.

Hörmətli cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, Sizə “xoş gəlmisiniz” deyirəm.