Aksiyanın 62-ci günü: Ekoloji cinayətə son!

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 62 gündür davam edir.

Havanın şaxtalı olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. İştirakçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Qeyd edək ki, aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində şüarlar yazılmış plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər.