Yunanıstan XİN-in rəhbəri: Çətin anlarda bir-birimizə kömək etməyimiz vacibdir
Baş nazir Mitsotakisdən aldığım göstərişə uyğun olaraq, Türkiyənin çətin günlərdən çıxması üçün həm ikitərəfli, həm də Avropa İttifaqı səviyyəsində əlimizdən gələni edirik və bundan sonra da bütün səylərimizi ortaya qoyacağıq.
Bunu Türkiyəyə səfərə gələn Yunanıstanın xarici işlər naziri Nikos Dendias deyib.
O bildirib ki, Yunanıstandan gələn axtarış-xilasetmə qrupları tərəfindən 205 nəfər sağ olaraq xilas edilib: “Çətin anlarda bir-birimizə kömək etməyimiz vacibdir, lakin əlaqələrimizi yaxşılaşdırmaq üçün başqa bir zəlzələ və başqa bir fəlakət gözləmək məcburiyyətində deyilik”.
Yunan vətəndaşlarının bu fəlakətdə türk xalqına verdikləri dəstəkdən son dərəcə qürur duyduqlarını vurğulayan Dendias, bu çox çətin şəraitdə və zamanda onlara göstərdikləri qonaqpərvərliyə görə Mövlud Çavuşoğluna və Türkiyə hökumətinə təşəkkür edib.//AZƏRTAC