Allahşükür Paşazadə ABŞ-a səfərə gedib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə fevralın 27-də Amerika Birləşmiş Ştatlarına səfərə gedib.

QMİ-nin mətbuat xidmətindən  bildiriblər ki, şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti İsa Məsih Sonuncu Gün Müqəddəsləri kilsəsinin və Stirlinq Fondunun dəvəti ilə fevralın 28-dən martın 4-dək ABŞ-ın Yuta Ştatının paytaxtı Solt-Leyk-Sitidə səfərdə olacaq.

Səfər proqramında Yuta Senatının prezidenti Stüart Adams, Yuta ştatının vitse-qubernatoru Diedre Henderson, İsa Məsih Sonuncu Gün Müqəddəsləri kilsəsinin rəhbərləri, G20 Dinlərarası Forum qrupu, habelə Xədicə Məscidində müsəlman İcması, Kol Ami sinaqoqunda Yəhudi İcması və Azərbaycan diasporunun üzvləri ilə görüşlər nəzərdə tutulub.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Brigham Young Universitetini ziyarət edəcək, burada müəllim heyəti və “Eksperimental Dinlərarası Dialoq” auditoriyasının tələbələri qarşısında mühazirə ilə çıxış edəcəklər. Həmçinin Yuta Beynəlxalq Hüquq və Dini Araşdırmalar Mərkəzində, Yuta Ştatı Dünya Ticarət Mərkəzində, Yuta Ştatının Katital Konfrans Mərkəzində, İsa Məsih Sonuncu Gün Müqəddəsləri kilsəsinin Humanitar Mərkəzində də görüşlər olacaq.

Azərbaycan nümayəndə heyətinin tərkibində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Azərbaycandakı Dağ yəhudiləri icmasının başçısı Milix Yevdayev, Alban-Udi xristian dini icmasının sədri Robert Mobili, Azərbaycandakı Katolik icmasının rəhbəri Yepiskop Vladimir Fekete səfərdə iştirak edirlər.