Timor Leste XİN: Azərbaycanla ikitərəfli iqtisadi əməkdaşlığın inkişafında maraqlıyıq

Martın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Timor Leste Demokratik Respublikasının xarici işlər və əməkdaşlıq naziri Adaljiza Magno ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən bölgədə cari vəziyyət müzakirə mövzusu olub.

Görüş zamanı Azərbaycan və Timor Leste arasında münasibətlərin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində inkişafı perspektivləri müzakirə mövzusu olub.

Beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, habelə Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi məsələsində qarşılıqlı razılıq ifadə olunub.

Timor Leste Demokratik Respublikasının Xarici İşlər və Əməkdaşlıq naziri Adaljiza Magno dövlətinin Azərbaycan ilə əməkdaşlığa əhəmiyyət verdiyini və ikitərəfli iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. O, eyni zamanda, Qoşulmama Hərəkatının Zirvə görüşünün uğurlu təşkilinə görə minnətdarlığını bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə mövzusu olub.