8 Mart günü, Azərbaycan Qadını

    Neçə ildir ki, 8 Mart tarixi ömrümüzdə əlamətdar günlərin  sırasındadır- Bayram Günüdür. Bir az ötəri nəzər saldıqda, harda və necə yaranmasına baxdıqda, bu barədə həqiqətləri öyrənir və biliyimizi xeyli maraqlı , həm tarixi,  həm də sosial-siyasi məlumatlarla zənginləşdirə bilirik. Səkkiz Martın  əlamətdar gün kimi olmasında  müxtəlif illərin –məsələn, 1857, 1908, 1910, 1914-cü illərin mühüm əhəmiyyəti olub.  İnqilabçı-nümayişçi , zəhmətkeş , işçi qadınlardan doğulan bu  günün hardan-hara gəlib çıxaçağına  bu gün yaşasaydılar bəlkə özləri də inanmazdılar. ABŞ-dan Çar Rusiyasına, Qərb dünyasına qədər geniş bir ərazini əhatə edən bu mart gününə  bir neçə qadınların adları həkk olunub. Onların arasında  Klara Setkin adlı qadının adı xüsusi yer tutur. Nəhayət, 1975-ci ildə BMT-də ilk dəfə olaraq,  Qadınlar Günü kimi qeyd olunur. Həmin gün 1977-ci ildən Qadın azadlıqları-hüquqları və  Sülh gününü əsas tutaraq beynəlxalq statusa sahib olur. Beləliklə, o vaxtdan  bütün dünyada 8 Mart Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Keçmiş SSRİ  dövründə isə, bu gün kütləvi şəkildə qeyd olunmağa başladı, rəsmi olaraq bayram günü kimi qəbul olunmuşdu.

     “Azərbaycan Qadını” ifadəsinə tez-tez rast gəlirik.  Hələ neçə əsr bundan əvvəl  idarəçiliyi, zəhmətkeşliyi , yaradıcılığı və  nüfuzu ilə tanınan bu qadınların yeri bir başqadır. Adına küçə salınan,  qəzet-jurnal, kitablar, məqalələr,  sənət əsərləri , şeirlər yazılan, heykəllər ucaldılan bu ad hamısından daha doğmadır. Adını eşidəndə, hardasa oxuyanda , rastlaşanda  gözlərimizin önündə hər çətin sınaqdan əziyyətlə çıxmağı bacaran , ağrılara dözə bilən, zəhmətkeşliyi,  fədakarlığıyla seçilən həm ana-bacı həm də övlad olmağı bacaran ləyaqətli bir simvol canlanır.

       Son illər həm ölkəmizdə həm də bütün dünyada təqvimin elə bir günü yoxdur ki , hansısa ad altında qeyd olunmasın , saysız-hesabsız bayram, matəm və digər əlamətdar günlər gah sevindirir, gah ağladır, gah da təəccübləndirir . 8 Martı isə  hər il bayram günü kimi qeyd edirik. Buna bənzər Analar günü, Qızlar günü  də var, amma nədənsə ,  8 Mart günü onlardan daha çox sevilir.

      Ana Fəryadı, Ana Harayı adlı Xocalı abidəsini görəndə dünyada bənzəri olmayan daha bir Azərbaycan qadınını görürük – bir gecədə qətlə yetirilən, itkin düşən, bir zamanlar  əsirlikdə, işgəncələrdə yarı sağ yarı ölü kimi yaşamağa məhkum olmuş körpə  qızların, anaların şəkli , surəti həmin daş heykəllərə hopub.  Qarşılaşanda sanki  “mən də varam , mən burdayam” deyir , daşdan yonulsa da, öz içində , daxilində ağlaya bilir , sızlaya bilir. Danışa bilməsə də,   mənivə  mənim kimi neçə-neçə insanları danışdıra bilir .   Heç yerə tərpənməyən, durduğu yerdə qalan bu və bu kimi daş abidələr, heykəllər, büstlər bizə yadda saxlamağı, yadda qalmağı və yada salmağı öyrətdi . Siz gözlərində nəm olan,  səkkiz martda əllərində gül-çiçəklə  bu kmi  heykəlləri, daş abidələri ziyarət edənlərin yadındasınız. Həmin abidəni görən,  eşidib- tanıyan,  yaşından asılı olmayaraq, bütün qadınların, kişilərin,  uşaqdan-böyüyə hamının tanıdığı  bu gündə həmin abidəni xatırlamağa hamılıqla  qoşuluram. Bu gün müharibələrdə ata-anasını, qardaş-bacısını,  doğmalarını itirib ancaq  ümidini itirməyən analarımızın  bir dəstə gül və bir xoş sözlə  8 Mart gününü təbrik edək, kiçik bir təbəssüm bəxş edək.

 Sağlamlığını  itirən , ailə-uşaq saxlayıb böyüdən , ayaq üstə durmağı bacaran , həm işləyən, həm qurub-yaradan istedadlı, ləyaqətli qadınlarımız ,  xanımlarımız – Bayramınız Mübarək!  Bəlkə  bir gün   təqvimin hansısa tarixində “Azərbaycan Qadını”  adlı günümüz olacaq , həmin günü tanıyıb-tanıdarıq, birlikdə qeyd edərik .

Azərbaycan Qadını, yaxşı ki varsan!

Səkkiz Mart bayramıdır- Bayramımız  mübarək!

Aliyə Əsədova