XİN - Bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması nəzərdə tutulur və bu məsələdə manipulyasiyalar yolverilməzdir

Ermənistan siyasi rəhbərliyinin erməni qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmadığını etiraf etdiyi məlumdur. Habelə qüvvələrin 2022-ci ilin sentyabr ayında çıxarılacağı bəyan edilsə də, bunun hələ də baş vermədiyi bəllidir. Azərbaycan ərazisindən hansı qüvvələrin çıxarılması barədə öhdəliyə gəldikdə isə bir daha xatırladırıq ki, 2020-ci il 10 noyabr Bəyanatının 4-cü bəndinə əsasən, məhz bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması nəzərdə tutulur və bu məsələdə manipulyasiyalar yolverilməzdir.

Bu fikirlər Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əleyhinə 8 mart tarixli saxta və yalan dolu bəyanatına dair Azərbaycan XİN-in şərhində yer alıb.

“Ermənistan tərəfinin Azərbaycana qarşı təcavüz siyasətinin və qeyri-qanuni əməllərinin qarşısının alınması məqsədilə, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət keçid məntəqəsi yaradılması labüddür. Azərbaycan bundan sonra da öz milli maraqlarının və təhlükəsizliyinin müdafiəsi məqsədilə bütün lazımi tədbirləri görməyə davam edəcək”, - deyə Azərbaycan XİN-in şərhində bildirilib.