Azərbaycanda seysmoloji aktivliyin daha çox olduğu bölgələr açıqlanıb

Bu ilin əvvəlindən mart ayının 7-dək hazırlanmış xəritədən görünür ki, seysmoloji aktivlik daha çox Neftçala, Lənkəran, Astara zonasının payına düşür.

Bu barədə Bakı Dövlət Universitetində keçirilən “Azərbaycanın müasir seysmogeodinamik vəziyyəti" mövzusunda görüş zamanı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, Türkiyədəki zəlzələ ocağına ən yaxın məsafə Naxçıvana 712 km-dir. Bunun da ölkəmizdəki zəlzələ ocaqlarına təsir ehtimalı çox aşağıdır.

Alim qeyd edib ki, yaxın günlərdə Azərbaycanda dağıdıcı zəlzələnin olması ehtimalı yoxdur. Mütəmadi şəkildə müxtəlif maqnitudada yeraltı təkanlar qeydə alınır və bu da normal haldır. Bunlar qorxulu deyil. Ölkəmiz seysmik zonada yerləşir. Xəzər dənizi, Böyük Qafqazın cənub yamacı, Şamaxı, İsmayıllı, Quba-Xaçmaz və digər ərazilər aktiv zonada yerləşir.//AZƏRTAC