ABŞ Dövlət Departamenti İranın Azərbaycanın hava sərhədindəki təxribatına münasibət bildirib

ABŞ Dövlət Departamenti İranın Azərbaycanın hava sərhədindəki təxribatına münasibət bildirib.

Bu barədə Dövlət Departamentinin mətbuat katibi Ned Prays jurnalistlər üçün keçirilən brifinq zamanı deyib.

"Azərbaycan və İrana gəlincə, təbii ki, İran uzun müddətdir ki, regionda pis niyyətli oyunçudur. O, həm yaxın, həm də uzaq qonşularını təhdid edən pis niyyətli fəaliyyətlərlə məşğul olur. Ona görə də biz bu tip gərginlikləri narahatlıqla izləyirik. Bizim yanaşmamız bundan ibarət idi ki, Cənubi Qafqazda Azərbaycanla, Ermənistanla qarşılıqlı fəaliyyətimizə sərmayə yatıraq ki, əvvəllər tamamilə fərqli kontekstdə dediyimiz kimi, daha sabit, münaqişəyə və gərginliyə daha az meylli Cənubi Qafqaz regionuna nail olaq", - deyə N.Prays bildirib.

Xatırladaq ki, 11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib.

Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub.//Trend