Kəmaləddin Heydərov Edvard Voqan ilə görüşüb

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığının tərəfdaşlıq, təhlükəsizlik və siyasət imkanları üzrə direktor müavini briqada generalı Edvard Voqan ilə görüşüb.

Nazirlikdən  verilən məlumata görə, qonağı səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov hər iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əlaqələrin hazırki səviyyəsindən məmnunluq ifadə edib. Qurumlararası əlaqələrin, o cümlədən mülki müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulayan nazir qarşılıqlı səfərlərin, təlimlərin əhəmiyyətindən danışıb. Bu çərçivədə, ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi tərəfindən FHN-in Mülki müdafiə qoşunlarına avadanlıqların verilməsinə və təlimin keçirilməsinə görə təşəkkür edən nazir iki qurum arasında prioritet sahələr üzrə gələcək ikitərəfli əməkdaşlıq perspektivlərinin müəyyən olunması məqsədilə müzakirələrin aparılmasının vacibliyini vurğulayıb.

Nüvə təhlükəsizliyi məsələlərinə toxunan nazir K.Heydərov Ermənistanda köhnə texnologiya ilə fəaliyyət göstərən və ciddi texniki problemlərinin olduğu Metsamor Atom Elektrik Stansiyasının bütün region üçün yaratdığı böyük nüvə təhlükəsi barədə danışıb.

Həmçinin, nazir fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Prezidentinin tapşırığına əsasən qardaş ölkəyə göndərilmiş FHN-in çevik xilasetmə qüvvələrinin fəaliyyəti barədə ətraflı məlumat verib, əldə edilmiş təcrübələri bölüşüb.

 

Səmimi görüşə görə təşəkkür edən briqada generalı Edvard Voqan iki ölkənin uyğun qurumları arasında fövqəladə hallarla mübarizə üzrə əlaqələrin inkişaf etdirilməsinin qarşılıqlı faydalı olduğunu vurğulayıb. Bu çərçivədə, qonaq ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri barədə fikirlərini bölüşüb.

Qonaq Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əldə etdiyi təcrübələri bölüşdüyünə görə nazir Kəmaləddin Heydərova təşəkkür edib. Bundan əlavə, E.Voqan dənizdə neft dağılmaları ilə mübarizə üzrə uyğun qurumlar arasında əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər geniş müzakirə olunub.