Qanunsuz balıq ovlayan şəxs tutulub

Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir xətt polis məntəqəsinin əməkdaşları xidməti ərazidə qanun pozuntularının aşkarlanması və təqsirkar şəxslərin müəyyənləşdirilməsi istiqamətində monitorinqləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu tədbirlər çərçivəsində keçirilən növbəti reyd zamanı Şəmkir Su Anbarının ərazisində quraşdırılan qanunsuz torlar və balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular polis əməkdaşları tərəfindən sudan çıxarılıb. Bu barədə qanunamüvafiq qaydada tədbirlər görülüb.

Monitorinq zamanı kustar üsulla hazırlanmış elektrik avadanlığı ilə qanunsuz balıq ovu ilə məşğul olan Tovuz rayon sakini Əziz Hüseynov saxlanılıb. Onun ovladığı 33 ədəd şəhmayı və 3 ədəd daban (karas) balığı, qayıq və digər elektrik avadanlıqları maddi sübut kimi götürülüb. Araşdırmalar zamanı saxlanılan şəxsin təbiətə 1122 manat dəyərində zərər vurması müəyyən olunub. Ə.Hüseynov barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Mingəçevir və Şəmkir Su anbarlarında vaxtaşırı keçirilən nəzarət-profilaktiki tədbirlərlə balıq ovu və ovçuluq ilə məşğul olan şəxslərin verilmiş kvotalara riayət etmələri, qayıqla balıq tutanların sənədləri yoxlanılır. Həmçinin partlayıcı və qanunla qadağan olunmuş digər vasitələrdən istifadə edərək balıq ovlayan şəxslərin müəyyənləşdirilməsi, eləcə də başqa ekoloji cinayət törədənlərin aşkarlanması həyata keçirilir.